CƏMİYYƏT
Təmizliyə qarşı hədsiz tələbkarlıq hissi obsesiv-kompulsiv sindromun əsas əlamətlərindən biridir
Bakı, 27 iyul, AZƏRTAC
Təmizliyə qarşı hədsiz tələbkarlıq və addımbaşı mikrob qorxusunu şəxsi xarakterik xüsusiyyət və ya səliqəli olmağın əlaməti kimi qəbul edənlər də var. Lakin mütəxəssislərin dediyinə görə, şəxsi gigiyenaya qarşı hədsiz diqqət hansısa xoşagəlməz hadisənin fonunda yaranır.
Təmizkarlıq çox yaxşı xüsusiyyətdir, çünki təmizlik amili sağlamlığın ayrılmaz bir hissəsidir. Lakin onun həddən artıq olması hansısa psixoloji pozulmanın əlaməti kimi də meydana çıxır və patoloji hala çevrilir.
Normadan artıq mikrobların varlığını düşünmək, hər yerdə gigiyena qaydalarını axtarmaq həmin əlamətlərin ilkin siqnallarıdır. Belə hallar tibdə sayrışan hallar, kəskinləşən hallarda isə obsesiv-kompulsiv pozuntu adlanır. Xəstəlik bir müddət sonra insanların özünəinam hissinin azalması, hətta cəmiyyətdən təcrid olunması ilə də nəticələnə bilər. Xəstəliyin əsas əlamətlərindən biri də istənilən təmizlik prosesinə uyğun müəyyən inancların olmasıdır.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova AZƏRTAC-a deyib: “Psixologiyada bu hal obsessiv-kompulsiv sindrom adlanır və təkrarlanan, arzuolunmaz və tənzimlənə bilməyən fikir, fantaziya, təsəvvür, qorxu, şübhə, meyil və hərəkətlərin yaranması ilə xarakterizə olunur. Həmin sindromdan əziyyət çəkənlərin ən çox yerinə yetirdiyi rituallar çirklənmə fikrini aradan qaldırmaq üçün daim paltar, əşya və səthlərin təmizlənməsi və ya ağır infeksion xəstəliklərə yoluxmağın qarşısını almaq üçün gün ərzində dəfələrlə əllərin yuyulmasdır. Qapının bağlı olub-olmamasını dəfələrlə yoxlamaq, hansısa bir şeyi yenidən və dəfələrlə saymaq, hər hansısa bir fikri neytrallaşdırmaq və ya hadisənin qarşısını almaq üçün eyni sözün təkrarlanması və ya hərəkətin icrası da həmin sindromdan əziyyət çəkənlərdə tez-tez rast gəlinən əlamətlərdir”.
Psixoloqun verdiyi məlumata görə, obsesiv-kompulsiv pozuntu hallarına bioloji, psixoloji və ekoloji faktorlar səbəb ola bilər. Çox nizamlı və vasvası, ya da həddindən artıq, ifrat qayda-qanun bu cür düşüncələr və bununla əlaqədar olan davranış formaları inkişaf etdirməsi mümkündür. İflas, boşanma, həyatda yaşanan ağır hallar və s. kimi hadisələrdən sonra da həmin hallar özünü büruzə verə bilər.
Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, nevrozun həmin formasına əsasən 18 yaşından yuxarı qadınlarda rast gəlinir. Bu hal kişilərdə az rast gəlinsə də, daha erkən yaşlarda yaranmağa başlayır. Xəstəliyin 35 yaşından sonra başlaması isə nadir hallarda olur.