DÜNYA


“Tencent” Asiyanın ən qiymətli şirkəti olub

Pekin, 20 noyabr, AZƏRTAC

Çinin telekommunikasiya nəhəngi “Tencent” korporasiyası Honqkonq birjasında aksiyalarının dəyərinin rekord həddə çatması ilə Asiya qitəsinin ən bahalı şirkətinə çevrilib.

AZƏRTAC xəbər verir ki, noyabrın 20-də birjanın yekununda “Tencent”in bir aksiyasının qiyməti 420 Honqkonq dollarına (54 ABŞ dolları) çatıb. Bununla da şirkətin bazar dəyəri 500 milyon ABŞ dollarını aşaraq Asiyada birinci, dünyada isə “Apple”, “Alphabet”, “Microsoft”, “Amazon” və “Facebook”dan sonra 6-cı ən bahalı şirkət olub.

“Tencentin” cari ilin 3-cü rübündə gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 61 faiz artaraq 9,8 milyard dollara çatıb.

Şirkətin icraçı direktoru Ma Xuaten deyib ki, gəlirlərin çoxalması əsasən “online” xidmətlərin, o cümlədən mobil telefon cihazlarından ödəmə sisteminin geniş tətbiqi ilə əlaqədardır.

Qeyd edək ki, 1998-ci ildə yaradılan “Tencent”in “QQ” mesencer xidməti və aylıq istifadəçilərinin sayı 1 milyard nəfərə çatan “Wechat” sosial şəbəkəsi təkcə Çində deyil, dünyada xeyli populyardır. İnternet üzərindən geniş çeşiddə fəaliyyət, o cümlədən reklam, oyun, ödəmə, elektron poçt xidmətləri göstərən şirkətin 38 mindən çox işçisi var.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.