DÜNYA
Teplitsedə sovet döyüşçülərinin məzarları səliqəyə salınıb
Praqa, 19 sentyabr, AZƏRTAC
Çexiyanın Teplitse şəhərində İkinci Dünya müharibəsi dövründə orada həlak olmuş sovet döyüşçülərinin məzarları səliqəyə salınıb. AZƏRTAC xəbər verir ki, Teplitsedəki köhnə yəhudi qəbiristanlığında sovet əsgərlərinin dəfn edilməsinin 75 illiyi günündə burada anım tədbiri keçirilib. Tədbirdən əvvəl məzarlar otdan, çırpılardan və kənar əşyalardan təmizlənib.
“Kovçeq-Arxa” ictimai təşkilatının sədri Anatoli Orlov bu hadisənin tarixi barədə məlumat verərək deyib: “Teplitse şəhərinin yəhudi diasporunun rəhbəri Oldrjix Latal bu il mart ayında bizə müraciət edərək bildirib ki, 1862-ci ildə salınmış köhnə yəhudi qəbiristanlığında 1942-ci ildə 21 sovet döyüşçüsünün dəfn edildiyi məzarlar var. Onlar İkinci Dünya müharibəsinin əvvəlində əsir götürülüb. Bir neçə gündən sonra biz bu qəbiristana gəldik. Qəbiristanın ucqar divarının yanında 21 qəbir və üzərində oraq-çəkic nişanı olan memorial gördük. Ehtimal ki, bu memorial 1940-cı illərin sonunda və ya 1950-ci illərin əvvəlində qoyulub. Məzarları ot basıb, lakin onların hər birinin dövrəsindəki kürsülüklər hiss edilir. Daha sonra müəyyən edildi ki, bu məzarlar haqqında nə şəhər arxivlərində məlumat var, nə də Çexiya Müdafiə Nazirliyinin arxivlərində. Lakin yəhudi cəmiyyətinin qismən qorunub saxlanmış arxivlərində həmin qəbiristanlıqda dəfn edilmiş sovet döyüşçülərinin siyahısı aşkar edilib”.
Anatoli Orlovun sözlərinə görə, yəhudi diasporunun üzvləri ilə söhbətlər zamanı məlum olub ki, Çexiyanın digər regionlarındakı yəhudi qəbiristanlıqlarında da bu cür məzarlıqlar var. Məsələn, Ustetsk diyarında azı dörd belə məzarlıq olması məlumdur.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiir
Praqa