CƏMİYYƏT
Tərbiyə və 4 saylı cəzaçəkmə müəssisələrində uşaqlarla məhkum anaların görüşü olub
Bakı, 26 may, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər il olduğu kimi, bu il də 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş silsilə tədbirlər keçirir.
Tədbirlərdə dövlət müəssisələrində tərbiyə alan uşaqların iştirakına xüsusi diqqət yetirilir. Bu tədbirlər çərçivəsində tərbiyə müəssisəsində islah olunan uşaqların cəmiyyətə inteqrasiyası, onların asudə vaxtlarının səmərəli təşkili, fiziki inkişafının və sağlam həyat tərzinin formalaşdırılması, valideynləri ilə görüşlərin keçirilməsi, onların ehtiyaclarının öyrənilməsi və maarifləndirilməsi istiqamətində işlər aparılır.
AZƏRTAC xəbər verir, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş İdarəsi ilə birgə internat və uşaq evlərində tərbiyə alan uşaqların, bir qrup aztəminatlı ailədən olan uşağın məhkum anaları ilə görüşünü təşkil edib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Xətai rayonunda yerləşən tərbiyə və 4 saylı cəzaçəkmə müəssisələrində keçirilən görüş məhkum anaların uşaqlarının hüquqlarının müdafiəsi məqsədilə keçirilib.
“Birlik” xeyriyyə təşkilatının üzvlərinin də iştirak etdiyi tədbir zamanı uşaqlar üçün əyləncəli proqramlar təşkil edilib, onların yaşlarına uyğun hədiyyələr təqdim olunub.
Tədbirdən sonra Penitensiar Xidmətin yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində tərbiyə alan uşaqlarla görüş olub və onlara musiqi alətləri hədiyyə edilib.