İDMAN
Tərlan Quliyev: “Keşlə” klubunun hər bir üzvü Azərbaycan kubokunu başının üzərinə qaldırmağı özünə borc bilir
Bakı, 26 may, AZƏRTAC
Mayın 28-də futbol üzrə Azərbaycan kubokunun finalında “Keşlə” komandası “Qələbə” klubu ilə qarşılaşacaq. “Keşlə” klubu yeni ad altında ilk dəfə Azərbaycan kubokunun finalında oynamaq hüququ qazanıb.
AZƏRTAC “Keşlə” klubunun müdafiəçisi Tərlan Quliyevin həlledici oyunla bağlı müsahibəsini təqdim edir.
- Bu il “Keşlə”nin həm Topaz Premyer Liqasında, həm də Azərbaycan kuboku uğrunda yarışda çıxışını necə qiymətləndirirsiniz?
- Bu il komandamız Topaz Premyer Liqasını altıncı pillədə başa vurdu. Ancaq Azərbaycan kuboku uğrunda yarışda uğurla çıxış edərək finala yüksələ bilmişik. Kuboku qazanmaq şansını əldən vermək niyyətində deyilik. Çünki mövsümü titulla başa vurmaq istəyirik. Buna görə də futbol üzrə Azərbaycan kubokunun finalında “Qəbələ” ilə qarşılaşacağımız oyun bizim üçün böyük əhəmiyyət kəsb edir. Min bir əziyyətlə finala qədər yüksəlmişik. Klubumuzun hər bir üzvü final oyununda qələbə qazanaraq kuboku başı üzərinə qaldırmağı özünə borc bilir. “Qəbələ” güclü komandadır, hücumları çox təhlükəlidir. Hər halda belə bir komandaya qarşı oynamaq bizim üçün çətin olacaq. Ona görə də bu oyuna ciddi hazırlaşırıq.
- “Keşlə”nin final oyununda qalib gəlmək imkanlarınızı necə qiymətləndirirsiniz?
- Futbolda proqnoz hər zaman özünü doğrultmur. Zənnimcə, finala daha yaxşı hazırlaşan komandanın üzvləri kuboku başları üzərinə qaldıracaqlar. Komandamızın oyuna hazırlığı yüksək səviyyədədir. Hazırda heyətimizə daxil olan oyunçular arasında qələbə ab-havası var. Mövsümü ağır keçirdiyimiz üçün komanda yoldaşlarım arasında zədəlilər az deyildi. Hazırda isə bütün məsələlər öz qaydasındadır.
- “Keşlə”nin formasını uzun müddət geyinmək niyyətindəsiniz?
- Əlbəttə, bu klub mənim üçün doğmadır. Komandanın mənə ehtiyacı olduğunu düşünürəm. Ancaq hər şey mənim istəyimdən asılı deyil. Əgər klub rəhbərliyi və baş məşqçi bundan sonra da məni komandanın heyətində görmək istəsələr çox sevinərəm.
Qeyd edək ki, futbol üzrə Azərbaycan kuboku uğrunda “Keşlə” və “Qəbələ” klubları arasında oynanılacaq final qarşılaşması mayın 28-də keçiriləcək. Matç saat 18:00-da start götürəcək.