REGİONLAR


Tərtər: istixana kompleksində yetişdirilən məhsullar xaricə də ixrac ediləcək VİDEO

Tərtər, 5 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Respublikamızın digər bölgələrində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da kənd təsərrüfatı məhsullarının ixracını artırmaq, xarici bazarlara rəqabətqabiliyyətli məhsul çıxarmaq istiqamətində məqsədyönlü iş aparılır, müasir istehsal sahələri yaradılır.

Belə təsərrüfatlardan biri rayonun Soyulan kəndi ərazisində yaradılan istixana kompleksidir. “Azaqrokənd” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılan kompleksin tikintisinə bu ilin aprel ayında başlanılıb. Ümumi ərazisi 5 hektar olan kompleksin 2 hektarında istixana təsərrüfatı yaradılır.

“Azaqrokənd” MMC-nin icraçı direktoru Nofər Nəsirov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, hazırda istixanada metal konstruksiya işləri görülür. Kompleksdə qazanxana, su anbarı, inzibati bina, anbarlar, işçilər üçün yeməkxana, istirahət otaqları inşa ediləcək, Türkiyə və İtaliya istehsalı olan ən müasir avadanlıqlar, İsrail istehsallı damla suvarma sistemi quraşdırılacaq. Suvarma, havalandırma sistemləri tam avtomatlaşdırılmış şəkildə idarə olunacaq. İşlərin ilin sonunadək başa çatdırılması və fevral ayında ilk şitillərin əkilməsi nəzərdə tutulur. İlk məhsul yığımına isə 2019-cu ilin aprel ayında başlanacaq. Növbəti illərdə kompleksin ərazisi genişləndirilərək 5 hektara çatdırılacaq.

İllik istehsal gücü hər hektara 160-200 ton olan istixana kompleksində yüksək standartlara cavab verən pomidor və xiyar istehsal ediləcək. Bu barədə danışan MMC-nin rəhbəri Zəfər Nəsirov isə deyib ki, istehsal edilən məhsul daxili bazara çıxarılmaqla yanaşı, Rusiyaya da ixrac olunacaq. İstixana il ərzində fəaliyyət göstərəcək. Burada 50 nəfər daimi işlə təmin ediləcək.

Təsərrüfatda bağçılıq, pambıqçılıq, tərəvəzçilik kimi sahələri də inkişaf etdirən Zəfər Nəsirov əldə etdiyi bütün uğurlara dövlətin dəstəyi, fermer və sahibkarlara yaradılan şərait sayəsində nail olduğunu deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.