REGİONLAR
Tərtər rayonunda Silahlı Qüvvələr Günü münasibətilə bayram tədbirləri davam edir
Tərtər, 25 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtər rayonundakı hərbi hissələrdə Silahlı Qüvvələr Günü münasibətilə bayram tədbirləri davam edir. Hərbi hissələrdə keçirilən tədbirlərdə rayon ictimaiyyətinin nümayəndələri, Birinci və İkinci Qarabağ müharibələri qaziləri iştirak edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 25-də keçirilən tədbirlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirlərdə çıxış edənlər əsgər və zabitləri Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıblar. Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, son illərdə ordu quruculuğu sahəsində görülən işlərdən, ordumuzun qazandığı uğurlardan, o cümlədən 1994-cü il Horadiz əməliyyatı, 2016-cı ilin Aprel zəfəri, 2018-ci il Günnüt qələbəsi və 2020-ci ilin payızındakı 44 günlük Vətən müharibəsindən bəhs edilib. Bildirilib ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı.
Vurğulanıb ki, 44 gün davam edən Vətən müharibəsi dövründə məkrli düşmən müharibənin aparılmasının beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydalarını pozaraq, dəfələrlə Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəmizə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Bunun nəticəsində 16 nəfər mülki şəxs şəhid olub, 63 nəfər isə yaralanıb. Ancaq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər verilsə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.
Xidmətdə fərqlənən hərbi qulluqçulara medal, fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.