REGİONLAR
Tərtər ziyalısı: Azərbaycan həm hərb meydanında, həm də siyasət masasında qalib gəldi
Tərtər, 10 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Bu gün ölkəmiz üçün, xalqımız üçün tarixi bir gündür. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə Azərbaycanın qələbəsi ilə son qoyulur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Tərtər rayon ziyalısı Ədalət Məmmədov deyib. O bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz düşmən üzərində şanlı qələbə qazandı. Azərbaycan həm hərb meydanında, həm də siyasət masasında qalib gəldi. Odur ki, bir azərbaycanlı kimi böyük qürur hissi duyur, ürəkdən sevinirik.
Ə.Məmmədov tərtərlilərin 45 günlük müharibədə mərd, mətn dayandığını vurğulayaraq deyib: “Tərtər rayonu Ermənistan silahlı birləşmələrinin təxribatlarına, intensiv artilleriya atəşlərinə baxmayaraq, Ali Baş Komandana və ordumuza güvənərək daim ayaqda durdu. Çoxsaylı dağıntılar, ziyanlar tərtərliləri ruhdan salmadı. Prezidentin dediyi kimi, Tərtər şəhəri, İkinci Dünya müharibəsi dövründə dağılmış Stalinqrad şəhərinə bənzəyir. Gündə, - özü də böyük şəhər deyil, - yüzlərlə mərmi düşürdü, amma bir nəfər də tərpənmədi. Prezidentimizə və ordumuza bizə qələbə sevinci yaşatdığına görə dərin minnətdarlığımı bildirirəm. Yaşasın Azərbaycan. Qarabağ Azərbaycandır”.