REGİONLAR
Tərtərdə 5 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur VİDEO
Bakı, 28 iyul, AZƏRTAC
Tərtər rayonunun Evoğlu–Aşağı Qapanlı–Azad Qaraqoyunlu–İlxıçılar–Köçərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir. Rayonun 5 yaşayış məntəqəsini əhatə edən yolların yenidən qurulması sonuncu mərhələ üzrə davam etdirilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Evoğlu-Aşağı Qapanlı-Azad Qaraqoyunlu-İlxıçılar-Köçərli kəndlərinə gedən və ümumi uzunluğu 11 kilometr olan avtomobil yolları 7 minədək əhalinin yaşadığı 5 kəndin rahat gediş-gəlişini təmin edəcək.
Texnoloji ardıcıllıqla IV texniki dərəcəyə uyğun yenidən qurulan yollar 10 metrədək genişləndirilib. Bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.
Layihəyə uyğun olaraq, yolun torpaq yatağının bərpası üçün yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə qrunt tökülərək kipləşdirilib, yolun genişləndirilməsi işləri aparılıb, yeni torpaq yatağı və yol əsası inşa edilib. Avtomobil yollarının altından suların ötürülməsini təmin etmək məqsədilə mövcud boruların yeniləri ilə əvəz olunması, zəruri yerlərdə yenilərinin inşa edilməsi layihədə nəzərdə tutulan və icrası təmin edilən işlərdəndir. Daha sonra “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yollara iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.
Layihənin sonuncu mərhələsində yollar boyu zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanı, kilometr göstəricisi və siqnal dirəkləri quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətləri çəkiləcək. İşlərin qısa müddət ərzində yekunlaşdırılması və yolların müasir görkəmdə vətəndaşların istifadəsinə verilməsi üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə səfərbər olunub.