REGİONLAR
Tərtərdə Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə və qazilərə pulsuz tibbi yardım göstərilib
Tərtər, 6 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü və “EGIS Pharmaceuticals PLC” şirkətinin dəstəyi ilə Tərtərdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərimiz üçün pulsuz tibbi yardım aksiyası təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tibbi xidmətlərin göstərilməsində kardioloq, endokrinoloq, nevropatoloq, ginekoloq, pediatr, psixiatr mütəxəssislər iştirak ediblər.
Tərtər Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiya çərçivəsində müharibə nəticəsində müxtəlif travmalar almış, doğmaları həlak olmuş şəxslərə həkim və mütəxəssislər tərəfindən lazımi tibbi və psixoloji yardım göstərilib.
Aksiyadan yararlanan şəhidlərin ailə üzvləri və qazilər onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və aksiyanın təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər.