REGİONLAR
Tərtərdə kənd təsərrüfatı məhsullarının həcmi 7,5 faiz artıb
Tərtər, 28 yanvar, AZƏRTAC
Tərtər rayonunda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Aqrar sahəyə göstərilən diqqət və qayğı, fermer və sahibkarların güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika və cins heyvan almaq imkanlarına malik olması, əkin sahəsinin becərilməsində istifadə olunan yanacaq üçün dövlət tərəfindən subsidiya verilməsi, heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən süni mayalanma tədbirləri kənd təsərrüfatının inkişafına stimul verir.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2019-cu ildə Tərtərdə 72 milyon 361,3 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, 2018-ci ilə nisbətən 7,5 faiz çoxdur. İstehsal olunan məhsulun 42 milyon 465,3 min manatı bitkiçilik sahəsinin, 29 milyon 896 min manatı heyvandarlıq sahəsinin hesabına formalaşıb.