Tərtərdə pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb
AzerTAg.az
Bakı, 10 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə Tərtər rayonunun Qaraağacı kəndində fiziki şəxs Məmmədov Rasim Fazil oğluna məxsus pendir sexində yoxlama aparılıb.
Baxış zamanı sexdə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, həmçinin müəssisədə sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müşahidə edilib. Pendir sexinin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, müəssisədə mexaniki havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin müvafiq sahə ilə təchiz edilmədiyi, texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, tavan, döşəmə və divar səthlərinin asan təmizlənə bilən və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, pəncərələrin toz və həşəratlara qarşı qoruyucu torla təmin olunmadığı və digər nöqsanlar aşkarlanıb.
Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.


Xəbərin mətnində orfoqrafik səhv var