CƏMİYYƏT
Tərtərdə piyadanı avtomobillə vuraraq hadisə yerindən qaçan şəxs saxlanılıb
Bakı, 19 fevral, AZƏRTAC
Tərtər rayonunda avtomobillə piyadanı vuraraq hadisə yerindən yayınan naməlum şəxs polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində müəyyənləşdirilərək saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, fevralın 15-də saat 08 radələrində Tərtər rayonunun Hüsənli kəndi ərazisində yolu keçmək istəyən piyadanın naməlum avtomobillə vurulması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Hazırda piyadanın vəziyyəti orta ağır qiymətləndirilir.
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları yol-nəqliyyat hadisəsi törədərək qaçan sürücünün Müşfiq Qasımov olduğunu müəyyənləşdiriblər. O, yol qəzasını törətdiyi avtomobillə birlikdə saxlanılaraq Tərtər Rayon Polis Şöbəsinə gətirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, araşdırmalar aparılır.