REGİONLAR
Tərtərdə yerli pambıq sortlarının təsərrüfat əhəmiyyətinə həsr olunmuş elmi-praktik seminar keçirilib
Bakı, 28 avqust, AZƏRTAC
Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzində (RAEİM) “Yerli pambıq sortlarının məhsuldarlığı və gübrələrin suvarmaya uyğunlaşdırılaraq verilməsinin iqtisadi təsirləri” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarda alimlər, Ağdam, Yevlax, Goranboy, Bərdə və Tərtər rayonlarının Dövlət Aqrar İnkişaf mərkəzlərinin əməkdaşları, pambıqçılıqla məşğul olan qabaqcıl fermerlər iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktor əvəzi Elçin Xəlilov çıxış edərək, “Tədqiqatçı-fermer münasibətlərinin yaradılmasında elmi-tədqiqat institutunun rolu” barədə danışıb. Qeyd edib ki, institutun əməkdaşları mütəmadi olaraq rayonlarda fermerlərlə görüşərək təsərrüfat sahiblərinin pambıqçılıqla bağlı problemləri ilə maraqlanır, onların bilik və bacarıqlarının artırılması istiqamətində maarifləndirici söhbətlər aparırlar.
İnstitutun Seleksiya şöbəsinin müdiri Ələddin Tağıyev məruzəsində Azərbaycanda pambıqçılığın inkişafında nümayişə çıxarılan sortların iqtisadi-təsərrüfat əhəmiyyəti barədə fermerləri məlumatlandırıb. İnformasiya təminatı və elmi nəticələrin tətbiqi şöbəsinin müdiri Mahirə Vəliyeva “Gübrələrin suvarmalara uyğunlaşdırılaraq verilməsinin pambığın məhsuldarlığına təsiri”, Entomologiya şöbəsinin müdiri Kazım Huseynov isə pambıq əkinlərində zərərli orqanizmlərə qarşı mübarizə üsullarından geniş bəhs edib.
Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Natiq Musayev rayonda pambıqçı fermerlərin çətinliklərinin həlli istiqamətində görülən işlər barəsində ətraflı məlumat verib.
Sonra tədbir iştirakçıları Tərtər RAEİM-in təcrübə sahəsində yerli sortların nümayiş əkinləri ilə tanış olublar. Fermerlərə yerli sortların təsərrüfat əhəmiyyətı barədə ətraflı məlumat verilib, aqrotexniki qaydalarla bağlı suallar cavablandırılıb.
Tədbirin sonunda iştirakçılara institutun alimləri tərəfindən hazırlanmış maarifləndirici bukletlər paylanılıb.