REGİONLAR
Tərtərli fermer kartofun becərilməsində zərərvericilərə qarşı yalnız təbii vasitələrdən istifadə edir VİDEO
Tərtər, 29 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Tərtər rayonunda ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalına maraq artmaqdadır. Ekoloji təmiz məhsullar mineral gübrələr, pestisidlər və digər texnogen təsirlərin olmadığı sahələrdə istehsal olunur. Becərmə zamanı pestisidlərdən, mineral gübrələrdən, antibiotiklərdən, boy hormonlarından istifadə edilmir.
Üç ildir fermerçiliklə məşğul olan Buruc kənd sakini Tacirə Məmmədova AZƏRTAC-ın müxbiri ilə söhbətində ekoloji təmiz kartofun becərilməsindən danışıb. Fermer kartofun böyüməsi və inkişafı üçün peyindən, zərərvericilərə qarşı isə yalnız təbii vasitələrdən istifadə etdiyini deyib: “Danadişi, kolorado böcəyi, mənənə kimi zərərvericilərlə mübarizəni qoz yarpağı, tütün, sarımsaq və soğandan hazırlanmış məhluldan istifadə etməklə aparırıq. Nəticədə bitkilərin yaxşı inkişafı təmin olunur. Kompleks mübarizə tədbirləri aparılan əkin sahələrindən bol və sağlam ekoməhsul yığılır”.
Ekoloji məhsul istehsalının əhəmiyyətini vurğulayan fermer bildirib ki, ekoloji fermerçilik sağlam torpaq, sağlam ərzaq və sağlam mühit deməkdir.