REGİONLAR
Tərtərli kümçülər bu günədək 11 min 150 kiloqram barama təhvil veriblər
Tərtər, 18 iyun, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda barama tədarükü davam edir. İndiyədək kümçülərin yetişdirdikləri 11 min 150 kiloqram məhsul “Azəripək” MMC nümayəndələri tərəfindən qəbul olunub.
Tərtər Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayon kümçülərinə 500 qutu ipəkqurdu toxumu paylanıb. Kümçülər ipəkqurdların bəslənməsində heç bir çətinlik çəkməyiblər. İpəkqurdunun yem bazasının bərpası məqsədilə son üç ildə rayon ərazisində 263 mindən artıq tut tingi əkilib. Kümçülər də yemləmə zamanı mövcud tut ağacları ilə yanaşı, yeni əkilən ağacların yarpağından istifadə ediblər. Artıq bir ay ərzində çəkdikləri zəhmətin bəhrəsini görürlər. Bu il rayon üzrə 20 tondan artıq barama istehsalı proqnozlaşdırılır.
Qeyd edək ki, baramaçılıq 1970-1980-ci illərdə Tərtər rayonunda ən inkişaf etmiş və gəlirli sahələrdən olub. 1990-cı illərin əvvəllərində tənəzzülə uğrayan baramaçılıq 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. 2016-cı ildə rayon kümçüləri tərəfindən 959 kiloqram, 2017-ci ildə 4610 kiloqram, 2018-ci ildə 10 min 228 kiloqram, 2019-cu ildə isə 18 min 322 kiloqram barama istehsal edilib.