REGİONLAR
Teruyuki Katori: Naxçıvan iqtisadi baxımdan azad və öz inkişafını təmin edən bir diyardır
Naxçıvan, 22 fevral, Rauf Kəngərli, AZƏRTAC
Naxçıvan iqtisadi baxımdan azad və öz inkişafını təmin edən bir diyardır. Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı və turizm sahəsində böyük potensiala malikdir. Biz bu sahələrin daha da inkişaf etdirilməsi istiqamətində dəstək göstərməyə həmişə hazırıq.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori deyib.
Diplomat Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vətəni Naxçıvana səfərindən məmnunluğunu bildirib. Yaponiya-Azərbaycan əlaqələrinin iqtisadi, təhsil və mədəniyyət sahələrində inkişaf etdiyini deyən səfir muxtar respublikada su təchizatı sistemi layihəsinin həyata keçirilməsindən danışaraq qeyd edib ki, Ordubad rayonunun Azadkənd kəndində reallaşdırılacaq növbəti layihə su və suvarma sistemlərinin təchizatına öz töhfəsini verəcək. Layihənin altı ay ərzində başa çatdırılması nəzərdə tutulur. Belə layihələrin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.
Naxçıvanın təbiətinin onda böyük təəssürat yaratdığını bildirən səfir deyib: “Naxçıvanın təmiz havası, gözəl təbiəti var. Bu diyarın dağlarla əhatə olunması ona xüsusi gözəllik verir. Bu da Naxçıvanda turizmin inkişafına təkan verə biləcək amillərdəndir”.