REGİONLAR
Təsərrüfathesablı dövlət müəssisələrinin mühasibləri təkmilləşdirici təlimə cəlb olunublar
Naxçıvan, 17 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində mühasiblər üçün “Kommersiya təşkilatlarında praktik mühasibatlıq” adlı üçgünlük təkmilləşdirici təlimə start verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, təlimdə çıxış edən Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova mövzuların aktuallığı və mahiyyəti barədə iştirakçıları məlumatlandırıb. Mərkəzin direktoru kommersiya təşkilatlarında tətbiq olunan memorial order formalarının mahiyyətini açıqlayıb, debet və kredit üzrə dövriyyələrə uyğun olaraq tərtib edilən yığım cədvəlləri və dövriyyə balansı haqqında slaydlar vasitəsilə məlumat verib.
Təlimin ikinci günündə Maliyyə Nazirliyinin Dövlət aparatının və Hüquq-mühafizə orqanlarının maliyyəsi şöbəsinin aparıcı məsləhətçisi Pərvin Cümşüdova tərəfindən maliyyə hesabatının məqsədi, elementləri, maliyyə bərabərliyinin mahiyyəti, ikili yazılış və maliyyə hesabatları formalarının hazırlanması mərhələləri ətraflı izah olunub.
Növbəti gün Naxçıvan Şəhər İcra Hakimiyyətinin sektor müdiri Elvin Əlimərdanov məzuniyyətin növləri və müddətləri haqqında məlumat verərək, məzuniyyət vaxtı üçün əməkhaqqının ödənilməsi qaydalarına aydınlıq gətirəcək.
Təlimin sonunda iştirakçılara mərkəzin sertifikatları təqdim olunacaq.