ELM VƏ TƏHSİL
Test imtahanında iştirak edən namizədlərin ixtisasları üzrə statistik göstəricilər açıqlanıb
Bakı, 29 dekabr, AZƏRTAC
Dövlət qulluğunda inzibati icraçı vəzifələr (B növü) üzrə dekabrın 23-də keçirilmiş test imtahanında iştirak üçün qeydiyyatdan keçən (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanları nəticəsində ali təhsil müəssisələrinə qəbul olmuş) 1706 namizəddən 461-i (27 faiz) uğur əldə edib.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak üçün qeydiyyatdan keçənlər üzrə ali təhsil ixtisasları iqtisadiyyat və idarəetmə ixtisaslar qrupuna aid olan namizədlər çoxluq (564 nəfər – 33,1 faiz) təşkil edir. Ən çox uğur qazananlar (173 nəfər 10,1 faiz) bu ixtisaslar qrupunun məzunlarının payına düşür.
Ali təhsil ixtisasları mədəniyyət və incəsənət ixtisasları qrupuna aid olan namizədlərin sayı 22 nəfərdir. İmtahanda iştirakçı sayına görə ən aşağı göstərici bu ixtisaslar qrupunda qeydə alınıb.
İmtahanda iştirak üçün qeydiyyatdan keçənlər üzrə ali təhsil ixtisası hüquqşünaslıq olan namizədlər çoxluq (120 nəfər – 7 faiz), ali təhsil ixtisası dizayn olan namizədlər isə azlıq (6 nəfər – 0,04 faiz) təşkil edir.