DÜNYA
Texas ştatında su problemləri 15 milyona yaxın insana təsir edib
Bakı, 20 fevral, AZƏRTAC
ABŞ-ın Texas ştatında anomal soyuq və qarlı hava şəraiti ilə bağlı su təminatı sistemlərində yaranan problemlər 14,9 milyon insana təsir edib.
AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, bu barədə Texas ştatının ətraf mühitin keyfiyyəti üzrə komissiyası məlumat yayıb.
Komissiyanın nümayəndəsi Tiffani Yanqın sözlərinə görə, əlverişsiz hava şəraiti ilə əlaqədar ştat ərazisində fəaliyyət göstərən 1,3 mindən çox su təminatı sisteminin işində problemlər yaranıb. Ştatın paytaxtı Ostin şəhərində boruların partlaması səbəbindən 1,2 milyard litr su itirilib. Texasın ən iri şəhəri olan Hyustonun hakimiyyət orqanlarına 5 min borunun partladığı barədə məlumat daxil olub.
Regionda enerji təminatı ilə bağlı problemlərin əsasən həll olunduğuna baxmayaraq, suyun verilməsi ilə əlaqədar çətinliklərin hələ də qaldığı bildirilir.
ABŞ-ın bəzi regionlarında hökm sürən şaxtalı və qarlı hava 50 nəfərin həyatına son qoyub. Texas anomal hava şəraitindən ən çox zərər çəkən ştatdır: şaxtalar və qar fırtınası elektrik enerjisi təminatında ciddi problemlər yaradıb, neftayırma zavodlarının və digər müəssisələrin işinin dayanmasına səbəb olub. İndiyə qədər ştatda 93,6 min istifadəçinin elektrik təminatı hələ də bərpa edilməyib.