ELM VƏ TƏHSİL
Texniki Universitetdə “Azərbaycan-tükənməz xəzinə!” layihəsi müzakirə olunub
Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Respublikası Gənclər Fondunun elan etdiyi 13-cü qrant müsabiqəsinin “C” (fiziki şəxslərin layihələri) kateqoriyası üzrə qalibi Elminaz Qəhrəmanovanın “Azərbaycan – tükənməz xəzinə!” adlı layihəsinin yekun müzakirəsi keçirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, çıxış edən ekspertlər – universitetin sənaye ekologiyası və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müəllimi Mahmud Allazov, qht.az saytının baş redaktoru Cəsarət Hüseynzadə və jurnalist Telman İsa (Məmmədov) layihə ilə bağlı fikirlərini bölüşüblər.
Çıxışlarda ali məktəblərdə təhsil alan tələbələrin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədilə belə maarifləndirici seminarların vacibliyi diqqətə çatdırılıb.
Tədbirdə tələbələrin sualları cavablandırılıb, iştirakçılara sertifikat, buklet və əyani vəsaitlər təqdim edilib.
Xatırladaq ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.