SİYASƏT
“The Daily Tribune-Bahrain” qəzetində Ulu Öndərə həsr olunmuş məqalə dərc edilib
Qahirə, 11 may, AZƏRTAC
Nüfuzlu “The Daily Tribune” qəzetinin Bəhreyn buraxılışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Səudiyyə Ərəbistanı və Bəhreyndəki səfiri Şahin Abdullayevin müəllifi olduğu məqalədə xalqımızın ulu öndər Heydər Əliyevin 99-cu ildönümünü qeyd etdiyi diqqətə çatdırılıb, dahi siyasətçinin həyatı və zəngin siyasi fəaliyyətindən bəhs olunub.
Müəllif qeyd edib ki, dünyanın ən görkəmli siyasi xadimlərindən biri olan Heydər Əliyevin çoxvektorlu və balanslaşdırılmış xarici siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu artırıb, onu regionun ən mühüm dövlətinə çevirib. Eyni zamanda, dahi liderin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş transmilli enerji və kommunikasiya layihələri sayəsində ölkəmizin iqtisadi qüdrəti artıb. Bu gün Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik, xalqın həmrəyliyi və milli ideya ətrafında birləşməsi Ulu Öndərin adı ilə bağlıdır. “Heydər Əliyev Vətənə sadiq bir insan olub, öz xalqı ilə birlikdə bütün çətinlikləri dəf edərək Azərbaycanı nüfuzlu, davamlı inkişaf edən bir dövlətə çevirib. Onun müdrik rəhbərliyi ilə ölkə taleyüklü problemləri aşa bilib, müstəqil Azərbaycanın tarixində yeni mərhələ başlayıb”, -deyə yazıda vurğulanıb.
Məqalədə qeyd olunub ki, ulu öndər Heydər Əliyevin siyasətini davam etdirən Prezident İlham Əliyevin gərgin və səmərəli fəaliyyəti nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirərək, öz gücü ilə torpaqlarını işğaldan azad edib. Bu, Heydər Əliyevin əsasını qoyduğu iqtisadi tərəqqi, diplomatiya sahəsində uğurlar və Azərbaycan Ordusunun qüdrətinin artırılması sayəsində mümkün olub.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə