CƏMİYYƏT
Tibb Universitetində ginekoloji problemlərə və riskli hamiləliklərə dair simpozium keçirilib
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında yerli və Türkiyədən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə “Ginekoloji problemlərə və riskli hamiləliklərə müasir yanaşma” adlı elmi-praktiki simpozium keçirilib.
Qonaqları salamlayan ATU-nun prorektoru İbrahim İsayev konfransın işinə uğurlar arzulayıb. Daha sonra Dokuz Eylül Üniversitetinin rektoru Bülent Gülekli çıxış edərək, hamiləlik zamanı qadın bətnində yaranan infeksiyalar, sonsuzluq və bunun müalicəsi barədə məlumat verib.
Bu barədə AZƏRTAC-a universitetin mətbuat xidmətindən bildirilib.
Simpoziumda “Hamiləlik və TORCH paneli”, “Hamiləlik və virus B, C hepatitləri”, “Qeyri-invaziv prenatal diaqnostika testləri və önəmi”, “Hamiləlik müddətində mikronutrientlər” mövzusunda məruzələr dinlənilib. Simpoziumun ikinci sessiyası ginekoloji onkologiyaya, üçüncü sessiyası isə sonsuzluq probleminə həsr olunub.
Simpozium işini mövzular ətrafında müzakirələrlə davam etdirib.