CƏMİYYƏT
Tibb Universitetinin klinikasında şöbələr üzrə hesabatların təqdimatı davam edir
Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında şöbələr üzrə hesabatların təqdimatı davam edir.
Klinikadan AZƏRTAC-a verilən xəbərə görə, növbəti 10 aylıq hesabat tədbirində çıxış edən klinikanın direktoru, professor Surxay Hadıyev bildirib ki, ilin sonunadək bütün şöbələrin hesabatı dinlənilməli və nəticədə klinikanın ümumi hesabatı hazırlanmalıdır.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahiyyə şöbəsinin müdiri, professor Mübariz Əliyev rəhbərlik etdiyi bölmənin tibbi personalı haqqında qısa məlumat verib, bu ilin 10 aylıq hesabatını təqdim edib. O, şöbədə 914 xəstənin olduğunu, böyükhəcmli əməliyyatların sayının artdığını, cərrahi müdaxilələr zamanı cəmi 1 ölüm hadisəsinin və 7 ağırlaşma halının qeydə alındığını deyib. Cərrahi ağırlaşmanın Azərbaycanda həkim səhvi kimi qiymətləndirilməsinin doğru olmadığını da diqqətə çatdıran professor bu zaman effektli tədbirlər görülməsinin vacibliyini vurğulayıb. O, kadrların aktivliyinə də toxunaraq ATU-nun ümumi cərrahiyyə kafedrasının müdiri, professor Elçin Ağayevin bu ilin 10 ayı ərzində 291 əməliyyat icra etdiyini, laparoskopik əməliyyatların sayında da artım qeydə alındığını söyləyib.
Şöbə müdiri hesabat dövründə Almaniyaya dəvət edilməsi və orada apardığı iki uğurlu əməliyyatın nəticələri haqqında da məlumat verib.
Klinikanın II cərrahi xəstəliklər şöbəsinin müdiri, professor Xaləddin Musayev şöbədə 8 cərrah, 2 professor, 4 assistent, 1 baş laborant, 1 mütəxəssis-həkim və 7 rezidentin çalışdığını, hesabat dövründə 49 xəstəyə ambulator xidmət göstərildiyini, 429 əməliyyatın icra olunduğunu bildirib.
X.Musayev hesabat dövrü ərzində “II Azərbaycan Türkiyə Kolerektal Cərrahiyyə günləri” simpoziumunun təşkil olunduğunu, hər ayda iki dəfə rezidentlərin seminarlarının keçirildiyini, şöbə əməkdaşlarının müxtəlif kütləvi informasiya vasitələrində çıxış etdiklərini də diqqətə çatdırıb.
Rəhbərlik etdiyi bölmənin hesabatını təqdim edən klinikanın transplantologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Anar Namazov burada daha çox laparoskopik əməliyyatlara üstünlük verildiyini bildirib. O, hətta bir neçə dəfə təkrar cərrahi müdaxilə edilən xəstələr üzərində də laparoskopik əməliyyatların icra olunduğunu qeyd edib. Şöbə müdiri 10-12 xəstə üzərində uğurlu əməliyyatlar aparıldığını diqqətə çatdırıb. O, həmçinin 10 ay ərzində şöbənin təşkilatçılığı ilə yerli və beynəlxalq konfransların, rezidentlər üçün “Təməl cərrahi bacarıqlar kursu”nun keçirildiyini də söyləyib.
Klinikanın III cərrahi xəstəliklər şöbəsinin müdiri, assistent Aydın Əliyevin sözlərinə görə, bu ilin yanvar-noyabr ayları ərzində şöbəyə 385 xəstə daxil olub. Onlardan 383 nəfər sağalıb, 1 nəfər ağırlaşıb, 1 nəfər isə vəfat edib. Çarpayı günləri 1014 günə bərabər olub, 330 xəstəyə müxtəlif cərrahi müdaxilələr edilib, 54 xəstə isə konservativ müalicə alıb.
İclasda klinikanın tədris işləri üzrə direktor müavini, professor Davud Pənahov bütün dünyada olduğu kimi bu universitetdə də da müasir informasiya kommunikasiya texnologiyalarından istifadə olunduğunu deyib. Direktor müavini bildirib ki, artıq I kurslarda elektron jurnala keçidlə əlaqədar tələbələrin davamiyyəti haqqında məlumatın həmin gün axşam saat 12-dək internet vasitəsilə Virtual Test Mərkəzindəki elektron ünvana köçürülməsi tələb olunur. Bu sistemin fəaliyyət mexanizmi və ümumilikdə tədrisin təşkili barədə ətraflı məlumat verən direktor müavini klinikadaxili nəzarət nəticəsində aşkarlanan çatışmazlıqların aradan qaldırılması yollarından danışıb.
Tədbirin sonunda S.Hadıyev qazanılan nailiyyətləri təqdir etməklə yanaşı, klinikada çalışan tanınmış alimlərin və mütəxəssislərin potensialından yetərincə istifadə edilməməsindən təəssüfləndiyini də deyib. O, gələcək hesabatlarda böyük əməliyyatların icrası, cərrahların fəallıq əmsalları, eləcə də sonuncu kurs rezidentlərinin əməliyyatlarda fəal iştirakının öz əksini tapacağına əminliyini ifadə edib.