CƏMİYYƏT
Tibbi avadanlıqların idarəedilməsi üzrə qiymətləndirilmə həyata keçirilir
Bakı, 6 oktyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə həyata keçirdiyi Sağlamlıq üçün Həmrəylik Təşəbbüsünün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əməkdaşlığı çərçivəsində ÜST-nin biotibbi mühəndislik üzrə konsultantı Ulian Rotari oktyabrın 3-dən 7-nə kimi tibbi avadanlıqların idarəedilməsi üzrə qiymətləndirilmə həyata keçirir.
AZƏRTAC TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, missiya çərçivəsində Mərkəzi Neftçilər Xəstəxanası, Respublika Klinik Xəstəxanası və Sabunçu Tibb Mərkəzi, Sabirabad rayon və Şirvan şəhər mərkəzi xəstəxanalarında tibbi avadanlıqların idarəedilməsi, o cümlədən oksigen təchizatı və təhlükəsizliyi, yanğın təhlükəsizliyi və təxliyə planlarına baxış keçirilib.
Daha sonra sözügedən xəstəxanaların rəhbərləri ilə görüşən missiya üzvləri tibbi avadanlıqların idarəedilməsinin daha səmərəli təşkil edilməsi və standartlaşdırılması ilə bağlı tövsiyələr verib, işçi heyətinin potensialının artırılması üçün təlimlərin əhəmiyyətini qeyd edib. Qiymətləndirmələrdən sonra ekspert tərəfindən xəstəxanaların biotibbi işçi heyətinə oktyabrın 6-dan 7-nə kimi təlim keçiriləcək.