MƏDƏNİYYƏT
Tokio Olimpiadası üçün hazırlanacaq Azərbaycan kimonosunun eskizləri müzakirə olunub VİDEO
Tokio, 1 iyun, AZƏRTAC
Gələn il Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunları ilə əlaqədar “Kimono layihəsi - vahid dünyanı təsəvvür edin” layihəsi çərçivəsində yarışlara qatılacaq dövlətlərin və ərazi vahidlərinin kimonoları hazırlanır.
AZƏRTAC xəbər verir ki, bununla bağlı ölkəmizin Yaponiyadakı səfirliyində layihənin rəhbəri Yoşimasa Takakura və digər şəxslərlə görüş keçirilib. Görüşdə Azərbaycanın Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov və Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər iştirak ediblər.
Layihə barədə məlumat verən Y.Takakura bildirib ki, əsas məqsəd yapon mədəniyyəti ənənələrini bütün dünyaya təqdim etmək üçün 213 ölkənin və ərazi vahidinin kimonolarının hazırlanmasıdır. Biz bununla insanların diqqətini dünyanın birliyinə, vahid məkan olmasına yönəltməyə çalışırıq. Layihə 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunlarına qatılacaq əcnəbiləri yüksək qonaqpərvərliklə qarşılamağa yönəlib və dostluq əlaqələrinin inkişafına xidmət edir. 2014-cü ildə start verilən layihənin üzvlərini Baş nazir Şinzo Abe də qəbul edib. Baş nazir layihəni yüksək qiymətləndirərək iştirakçılara uğurlar arzulayıb.
Y.Takakura qeyd edib ki, Yaponiyanın müxtəlif bölgələrindən olan peşəkar dizaynerlərin iştirakı ilə indiyədək 100-dən artıq ölkənin milli ornamentlərini əks etdirən kimonolar hazırlanıb. Digər ölkələrə, o cümlədən Azərbaycana həsr olunan kimonolar hazırda işlənmə mərhələsindədir. Mayın əvvəllərində təşkil edilən “Tokio Kimono Show-2019” festivalı çərçivəsində hazır olan kimonolar festival iştirakçılarına təqdim edilib və böyük maraqla qarşılanıb. Hazırda peşəkar dizaynerlər tərəfindən Azərbaycan kimonosunun eskizi hazırlanır. Eskiz layihəsi təsdiq edildikdən sonra onun əsasında xüsusi parça toxunacaq və kimono tikiləcək.
F.Talıbov layihənin təqdirəlayiq olduğunu deyib. Qeyd edib ki, layihə iki ölkə arasında dostluq əlaqələrinin yüksək göstəricisi olmaqla yanaşı, Azərbaycanın Yaponiyada daha yaxından tanıdılmasına xidmət edəcək.
Görüşdə Azərbaycana həsr olunan kimononun ilkin eskizləri nümayiş etdirilib. F.Talıbov hazırlanacaq eskiz layihəsinə Azərbaycan milli mədəniyyəti, tarixi və idmanına dair bir sıra ornamentlərin əlavə edilməsinin məqsədəuyğun olduğunu bildirib və müvafiq dəyişikliklərin aparılmasını xahiş edib.
Y.Takakura bildirib ki, eskizlərin yeni variantı yaxın zamanlarda səfirliyə təqdim olunacaq. Kimonolar Azərbaycan tərəfinin tam razılığından sonra hazırlanacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio