SİYASƏT


Tokioda Azərbaycan haqqında təqdimat böyük maraqla qarşılanıb VİDEO

Tokio, 14 yanvar, AZƏRTAC 

Tokionun Çuo Universitetinin nəzdində fəaliyyət göstərən məktəbdə Azərbaycan haqqında təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Bir saat davam edən təqdimatı 1500-ə yaxın şagird və müəllim izləyib.

AZƏRTAC xəbər verir ki, tədbirdə “Cross Border Club” şirkətinin meneceri, “World Investors TV” televiziyasının prodüseri Kazuyasu İşida çıxış edərək Azərbaycan haqqında geniş məlumat verib. İştirakçıları Yeni il münasibətilə təbrik edən K.İşida bildirib ki, 31 dekabr Azərbaycan xalqı üçün çox önəmli bir gündür. Həmin tarixdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunduğunu bildirən K.İşida, ötən ilin Azərbaycan üçün çox uğurlu olduğunu xüsusi vurğulayıb.

Təqdimatda Azərbaycanın coğrafi mövqeyi, ərazisi, əhalisinin sayı, tarixi, mədəniyyəti və dövlət quruculuğu haqqında ətraflı məlumat verilib. Azərbaycan xalqının 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci və prezident İlham Əliyevin hakimiyyətdə olmasının 15-ci ildönümünü qeyd etdiyi iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, 2018-ci il Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilib və bununla əlaqədar dünyanın bir çox ölkələrində, eyni zamanda, Yaponiyada böyük tədbirlər keçirilib. Sovet İttifaqı dağıldığı zaman Heydər Əliyevin Azərbaycanın müstəqilliyini bərpa etməsində böyük işlər gördüyünü deyən K.İşida bildirib ki, onun açdığı yolda Prezident İlham Əliyev 15 ildir uğurla addımlayır. Qeyd edib ki, bu illər ərzində Azərbaycanın digər ölkələrlə əlaqələrinin sürətli inkişafı bütün dünyanın bu ölkəyə olan marağını daha da artırıb.

K.İşida, eyni zamanda iki ölkə arasında əlaqələrin də möhkəmləndiyini vurğulayıb. Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu bu dostluq əlaqələrinin Prezident İlham Əliyevin gördüyü işlər nəticəsində daha da genişləndiyini bildirib.

Dəfələrlə Azərbaycana səfər etdiyini deyən K.İşida Bakıda təşkil edilən “Japan EXPO” yapon qida məhsulları sərgisi barədə də danışıb. Azərbaycanda Yaponiyaya qarşı olan böyük maraq və sevginin bu sərginin təşkilində böyük rolu olduğunu bildirib. Azərbaycanlıların çox mehriban, qonaqpərvər və istiqanlı bir xalq olduğunu qeyd edib.

Azərbaycanın yaponlar üçün viza rejimini çox sadələşdirdiyini bildirən K.İşida iştirakçıları ölkəmizə səyahət etməyə dəvət edib.

Sonda məktəblilərin Azərbaycan haqda çoxsaylı sualları K.İşida tərəfindən ətraflı cavablandırılıb.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.