İDMAN
Tomas Bax: İdmanda korrupsiyaya və ədalətsizliyə qarşı hamılıqla mübarizə aparmalıyıq
Bakı, 26 dekabr, AZƏRTAC
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax fəaliyyətə başladığı ilk günlərdən etibarən dünyada çox vacib bir missiyanı yerinə yetirməyə çalışır. Daim sülhün, dostluğun, qardaşlığın təminatçısı qismində çıxış edən BOK rəhbəri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə keçirilən İdmanda Korrupsiyaya Qarşı Beynəlxalq Tərəfdaşlıq Təşkilatının (IPACS) Baş Assambleyasında bu mövqeyini növbəti dəfə nümayiş etdirib. O, Baş Assambleyadakı çıxışında hər kəsi idmanda korrupsiya hallarına qarşı qlobal mübarizəyə qoşulmağa çağırıb.
AZƏRTAC BOK-un rəsmi saytına istinadla xəbər verir ki, T.Bax tədbirdəki çıxışında bu mübarizənin vacibliyini vurğulayaraq deyib: “Beynəlxalq Olimpiya Komitəsi dəyərlərə söykənən bir təşkilatdır. Mükəmməllik, qarşılıqlı hörmət və ədalətli oyun bizim iş prinsipimizdir. Bu mənada gördüyümüz hər bir işdə, layihədə idarəetmə və bütövlüyü qorumaq üçün üzərimizə böyük məsuliyyət düşür. Korrupsiyaya, ədalətsizliyə qarşı hamılıqla mübarizə aparmalıyıq. Bu məsələdə hökumətlərin dəstəyinə ehtiyacımız var. IPACS idmanda korrupsiyaya qarşı mübarizədə rolu olanları bir araya gətirir”.
T.Bax çıxışında müəllifi olduğu “Olimpiya gündəliyi-2020” İslahatlar Proqramı barədə məlumat verib. Bildirib ki, IPACS vasitəsilə idmanda korrupsiya hallarına qarşı mübarizədə hüquq-mühafizə orqanlarının dəstəyi vacibdir. Bu yolla biz bir-birimizin təcrübəsindən qarşılıqlı faydalana və ümumi işimizə töhfə verə bilərik.