DÜNYA
Tonqada vulkan püskürməsi nəticəsində yaranan sunami Yaponiya sahillərinə çatıb
Tokio, 16 yanvar, AZƏRTAC
Polineziya ada dövləti olan Tonqada vulkan püskürməsi nəticəsində əmələ gələn sunami bazar günü səhər saatlarında Yaponiya sahillərinə çatıb. Nəticədə 210 mindən çox sakin hündürlükdə yerləşən ərazilərə təxliyə olunub.
AZƏRTAC xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi İvate prefekturasının sahillərinə 3 metr hündürlükdə dalğaların çata biləcəyi barədə xəbərdarlıq edib.
Eyni zamanda, şənbə günü gecə yarısı ərəfəsində Amamai şəhərinin sahillərində 1,2 metr hündürlükdə sunami qeydə alınıb. Bazar günü saat 2:26 dəqiqədə İvate prefekturasında dalğaların hündürlüyü 1,1 metrə çatıb.
Agentliyin məlumatına görə, Hokkaydodan Kyüşü və Okinava adalarınadək bütün Sakit okean boyu sahildə sunaminin hündürlüyü 1 metr təşkil edib. Xəsarət alanlar barədə hələlik məlumat verilmir.
Yanğın və Təbii Fəlakətlərlə Mübarizə Agentliyi Aomori, İvate, Miyaqi, Çiba, Koçi, Miyazaki və Kaqoşima prefekturalarında 210 mindən çox sakinin sahildən uzaqlaşmağa çalışdığını bildirib.
Qeyd edək ki, bu ərəfədə kütləvi informasiya vasitələri Sakit okeanda yerləşən Tonqa adasındakı Hunqa-Haapay vulkanının püskürməsi barədə məlumat yayıb. Yerli hakimiyyət orqanları sunami barədə xəbərdarlıq edib. Sunami xəbərdarlığı, həmçinin Amerikanın Samoa adasında da elan edilib. Təhlükədən qorunmaq üçün Savayi adasında yüzlərlə ailə təxliyə olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio