İDMAN


Topaz Premyer Liqası: “Keşlə” sonuncu dəqiqədə vurduğu qolla “Sumqayıt”ı məğlub edib

Bakı, 16 fevral, AZƏRTAC

Fevralın 16-da Azərbaycan Premyer Liqasının XVII turuna start verilib.

AZƏRTAC xəbər verir ki, turun açılış matçında “Keşlə” doğma azarkeşlər önündə “Sumqayıt” komandasını qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə hesabı meydan sahibləri açıblar. Oyunun 28-ci dəqiqəsində bakılıların hücumçusu Amil Yunanov fərdi ustalığı sayəsində iki müdafiəçini keçərək uzaq küncü dəqiq nişan alıb - 1:0.

Sumqayıt təmsilçisi matçın ikinci hissəsində hesabı bərabərləşdirib. Matçın 73-cü dəqiqəsində Elvin Məmmədovun cinah ötürməsini Əfran İsmayilov dəqiq baş zərbəsi ilə tamamlayıb - 1:1.

Lakin meydan sahibləri oyunun sonunda qələbə topunu vurmağa nail olublar. Qarşılaşmanın əsas hissəsinə əlavə edilmiş vaxtın 3-cü dəqiqəsində “Sumqayıt” klubunun müdafiəçiləri cərimə meydançası daxilində Amil Yunanovun qarşısını alarkən qayda pozuntusuna yol veriblər. Baş hakim Rauf Allahverdiyev sumqayıtlıların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Nikola Mitroviç fürsəti əldən verməyərək komandasının qələbə qolunu vurub - 2:1.

Bu qələbədən sonra xalların sayını 15-ə çatdıran “Keşlə” turnir cədvəlində altıncı pilləyə yüksəlib. Eyni xala malik “Sumqayıt” isə yeddinci sıraya geriləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.