REGİONLAR
Torpaq ehtiyatları laboratoriyasında payız ekspedisiyalarına başlanılıb
Naxçıvan, 9 oktyabr, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Torpaq ehtiyatları laboratoriyasının əməkdaşları payız ekspedisiyalarına başlayıb.
Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, laboratoriya rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sahib Hacıyevin rəhbərliyi ilə ilk ekspedisiyanın istiqaməti Culfa rayon ərazisinə, xüsusilə orta, yuxarı dağlıq hissəsinə olub. Ərazidə yayılan torpaqların tip, yarımtipləri müşahidə edilib və ətrafda yayılan mədəni bitkilərdən bəzi bostan bitkilərin, pomidorun, lobyanın, yabanı ağac-kol bitkilərindən alma, armud, alça, itburnu, yemişan və digər meyvələrin məhsuldarlığına diqqət yetirilib.
Müşahidələr göstərib ki, Milax, Teyvaz, Boyəhməd, Ləkətağ və Ərəfsə kəndlərinin çay kənarlarında və dağarası çökəkliklərdə yüksək məhsuldar torpaqlar var.
Tədqiqatlarda, eyni zamanda, Ərəfsəçay hövzəsində yerləşən Xəzinədərə adlanan dağarası çökəklikdə dağ-qara torpaqlarının yayıldığı müəyyən edilib.