ELM VƏ TƏHSİL


Torpaq muzeyində saxlanılan materialların elmi araşdırmalar aparmaq üçün böyük əhəmiyyəti var

Bakı, 23 may, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun nəzdində fəaliyyət göstərən Torpaq muzeyi 2003-cü ildə təşkil olunub.

İnstitutun direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev AZƏRTAC-a bildirib ki, muzey torpaq nümunələrinin, süxurlarının, monolitlərinin yığılması və saxlanılmasından, torpaqşünaslıq və aqrokimya elminin son nailiyyətlərini sistemləşdirmək və nümayiş etdirmək məqsədilə yaradılıb. Muzeydə respublikamızın bütün torpaq–iqlim zonalarını əhatə edən 50-dək torpaq monoliti saxlanılır. Torpaq monolitlərinin əksəriyyəti 1974-cü ildə dünya torpaqşünaslarının X qurultayına hazırlıq məqsədilə mərhum akademik Həsən Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə toplanıb. Bu monolitlər və onların morfogenetik diaqnostikası respublikamızın torpaq örtüyünün qızıl fondu olub genetik ehtiyatların öyrənilməsində, pasportlaşdırılmasında və bərpasında vacib rol oynayır.

Torpaq muzeyində elmi əsərlər, müxtəlif miqyaslı xəritələr, minerallar, uzun bir tarixi dövr ərzində institut əməkdaşlarının zəhməti sayəsində toplanmış bitki, torpaq nümunələri, əldə etdikləri müəlliflik şəhadətnamələri, diplomları və s. saxlanılır. Müxtəlif illəri əhatə edən bu zəngin materialların elmi araşdırmalar, xüsusən müqayisəli monitorinq aparmaq üçün böyük əhəmiyyəti var.

Söz yox ki, ölkədə mövcud olan bioloji müxtəlifliyin genefonduna aid məlumat bazasının dünya standartları səviyyəsində sənədləşdirilməsi (pasportlaşdırılması), bioloji genetik ehtiyatların qorunması və bərpası məsələsinin ciddi şəkildə qoyulması Azərbaycan torpaqşünaslıq elmində yeni bir istiqamətin əsasını müəyyən edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.