ELM VƏ TƏHSİL
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru onlayn konfransda məruzə edib
Bakı, 2 iyul, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində “Ekoloji tarazlığın qorunub saxlanılmasına müasir baxış: problemlər, faktlar, təkliflər” mövzusunda onlayn respublika elmi-praktik konfransı keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildirilib ki, konfransda Naxçıvan Muxtar Respublikasında son illərdə suvarma və meliorasiya işlərinin həyata keçirilməsi, antropogen təsirlərdən ekoloji tarazlığın pozulması nəticəsində qarşıya çıxan problemlərin həlli yolları, ətraf mühitin yaxşılaşdırılması, ekoloji təhlükəsizliyin bütün sahələr üzrə qorunub saxlanılması və optimallaşdırılması məsələləri müzakirə olunub.
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Əlövsət Quliyev konfransda “Naxçıvan Muxtar Respublikasında torpaq ehtiyatlarından istifadə zamanı suvarma və su problemləri” mövzusunda məruzə ilə çıxış edib. Alimin çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.