CƏMİYYƏT
Tovuz rayonunda yarımstansiyanın yaxınlığında altı ədəd partlamamış hərbi sursat aşkarlanıb
Bakı, 28 noyabr, AZƏRTAC
Noyabrın 28-də saat 10:11-də Daxili İşlər Nazirliyinin Tovuz Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) rayon ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və rayon polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları ərazidə 110 KV-luq “Günəşli” yarımstansiyasının yaxınlığına baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində altı ədəd partlamamış hərbi sursat aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Sursatın tapıldığı yerin ətrafında 200 kvadratmetr əraziyə yerüstü və 10 kvadratmetr əraziyə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Agentlik tərəfindən yanvarın 1-dən noyabrın 28-dək ümumilikdə 5462 ədəd partlamamış hərbi sursat, bir silah, piyada əleyhinə 2, tank əleyhinə 10 mina və 73 kiloqram partlayıcı maddə (ammonit № 6 JV-200) aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə ümumilikdə 405 min 633 kvadratmetr ərazi yoxlanılıb.