ELM VƏ TƏHSİL
Tovuz və Naxçıvandakı məşqçilik komissiyaları üzrə qeydiyyatdan keçən abituriyentlərin nəzərinə
Bakı, 22 iyun, AZƏRTAC
Tovuz və Naxçıvanda fəaliyyət göstərən məşqçilik (61, 78 və 84-cü) komissiyaları üzrə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, digər komissiyalar üzrə buraxılış vərəqələrinə dair məlumat veriləcək. İmtahana gələn abituriyentlər aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsi;
- sağlamlıq haqqında arayış (086U formalı tibbi arayış);
- şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Gecikən abituriyentlər imtahana buraxılmayacaq.