MƏDƏNİYYƏT


Tovuzda üçüncü respublika xalq teatrları festivalının növbəti seçim mərhələsi keçirilib

Bakı, 17 aprel, AZƏRTAC

Azərbaycanda xalq yaradıcılığının inkişafı, qorunması və təbliğinə dəstək məqsədilə Mədəniyyət Nazirliyində “Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Strateji Fəaliyyət Planı” hazırlanıb və təsdiq edilib. Həmin fəaliyyət planında xalq teatrlarının əhalinin estetik zövqünün formalaşdırılması və asudə vaxtının səmərəli təşkilində rolunun artırılması üçün sistemli işlərin, o cümlədən festival, müsabiqə, forum və digər tədbirlərin təşkili nəzərdə tutulub.

“Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə İnkişafına dair Strateji Fəaliyyət Planı”na müvafiq olaraq Tovuz rayonunda III Respublika Xalq Teatrları Festivalının növbəti seçim mərhələsi keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, festivalın seçim mərhələsində Ağstafa və Şəmkir regional mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərən mədəniyyət mərkəzləri, evləri və klublarında fəaliyyət göstərən xalq teatrı kollektivləri iştirak edib.

Tədbirdə Tovuz rayon Mədəniyyət Mərkəzinin Xalq teatrı “Xoşbəxtlər” tamaşası ilə çıxış edib. Tamaşa münsiflər heyəti və izləyicilər tərəfindən böyük maraqla izlənilib.

Daha sonra Şəmkir rayon Mədəniyyət Mərkəzinin mədəniyyət studiyası tərəfindən Xocalı soyqırımı mövzusunda hazırlanmış “Qara nağıl” kompozisiyası nümayiş etdirilib.

Festivalın seçim mərhələsi çərçivəsində Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisələrdə fəaliyyət göstərən xalq yaradıcılığı dərnəkləri, birlikləri və digər kollektivlərə baxış keçirilib. Tovuz rayon Mədəniyyət Mərkəzinin “Xədicə” rəqs ansamblı “Naxçıvani” və “Turacı” rəqsləri, “Saz dərnəyi” “Osmanlı divanisi” havası, “Akustik gitara dərnəyi” “Şəhidim” mahnısı, Ağstafa rayon Mədəniyyət Mərkəzi ”Dastan aşıqlar” ansamblı “Şahsevəni” havası, Qazax rayon Mədəniyyət Mərkəzinin “Göyəzən” nəfəs alətləri ansamblı “Heyvagülü” havası ilə çıxış edib.

Üçüncü respublika xalq teatrının Tovuzda keçirilmiş seçim mərhələsi çərçivəsində peşəkar rejissor, aktyorlar tərəfindən xalq teatrlarına ustad dərsləri keçirilib. Ustad dərslərində səhnə mədəniyyəti, jestlər, mimikalar, səsləndirmə və hərəkətlər izah edilmiş, tamaşalara quruluş verilməsi zamanı xalq teatrlarının rejissorlarına müasir dövrün tələblərinin nəzərə alınması, etik qaydalar, tamaşaçıları ilə ünsiyyətin qurulması üçün cəhdlərin göstərilməsi tövsiyə olunmuşdur. Həmçinin, festival ərəfəsində oynanılan tamaşalarda görülən kiçik qüsurların düzəldilməsi üçün yanaşma tərzləri izah edilib.

Bildirək ki, regionda əhalinin asudə vaxtının səmərəli təşkilində mühüm rol oynayan xalq teatrının yaranmasından 48 il ötür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.