DÜNYA
Tramp Florida sahillərində dəniz qazmalarına qoyulan qadağanın müddətinin uzadılması barədə fərman imzalayıb
Vaşinqton, 9 sentyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Florida sahillərində neft quyularının qazılmasına qoyulan qadağanın müddətinin uzadılması barədə çərşənbə axşamı fərman imzalayıb.
AZƏRTAC xəbər verir ki, Florida ştatının Yupiter şəhərindəki Yupiter-İnlet muzeyində çıxış edən Trampın sözlərinə görə, o, özünün fərmanı ilə Floridanın qərb sahilləri yaxınlığındakı Meksika körfəzində neftin dəniz kəşfiyyatına mövcud olan moratoriumun müddətini 2032-ci ilədək uzadır və bu moratoriumun təsir dairəsi genişləndirilərək Florida, Corciya və Cənubi Karolinanın Atlantik sahillərini də əhatə edəcək.
“Bu fərman Florida ştatı üçün çox əhəmiyyət kəsb edir və mən bu sənədi böyük iftixarla imzalayıram. Bu fərman sizin gözəl körfəzinizi, sizin gözəl okeanınızı müdafiə edəcək və bu, uzunmüddətlidir”, - deyə Tramp çıxışda bildirib.
Bu qərar Trampın öz mövqeyini dəyişməsi ilə əlamətdardır. 2018-ci ildə o, Alyaska şelfində 19, Sakit okean regionunda 7, Meksika körfəzində 12 və Atlantik regionunda 9 obyektin kirayəsini nəzərdə tutan beşillik qazma planı barədə elan etmişdi.
Floridanın hazırkı qubernatoru, Trampın yaxın müttəfiqi Ron DeSantis də özünün seçkiqabağı platformasında dəniz qazmaları planına qarşı çıxış etmişdi. Çərşənbə axşamı qubernator yeni fərmanı Florida ştatının ətraf mühiti üçün “daha bir böyük qələbə” adlandırıb.