DÜNYA


Tramp Meksika sərhədində böhranla əlaqədar Amerika xalqına müraciət edib

Vaşinqton, 9 yanvar, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp hökumətin işinin müvəqqəti dayandırılması və Meksika ilə sərhəddə divar tikintisinin maliyyələşdirilməsinə razılıq verilməməsindən irəli gəlmiş siyasi böhranla əlaqədar Amerika xalqına televiziya ilə müraciət edib. Bu, Trampın Ağ evdən ilk televiziya müraciətidir.

AZƏRTAC xəbər verir ki, Tramp öz çıxışında Meksika ilə sərhəddə yaranmış vəziyyəti humanitar böhran və təhlükəsizlik sahəsində böhran adlandırıb. Prezident qeyri-leqal miqrasiya, qeyri-leqal miqrantların iştiraklı ilə törədilmiş qətlərin sayı, habelə açıq sərhəddən qanunsuz şəkildə keçirilən narkotiklərin həcmi barədə statistik məlumatlar səsləndirib.

Prezident Tramp narkotiklərin sərhəddən qeyri-leqal şəkildə keçirilməsindən danışarkən qeyd edib ki, bu qanunsuz ticarətin həcmi 500 milyard dollardan yuxarı, yəni sərhəddə divar ucaldılması üçün Konqresin istədiyi 5,7 milyard dollarla müqayisədə qat-qat çoxdur. Demokratlara kompromis variant təklif edən Tramp deyib ki, o, beton divar əvəzinə polad divar ucaldılmasına razıdır. Prezident demokratların liderləri ilə bu barədə müzakirələr aparmaq üçün onları çərşənbə günü Ağ evə dəvət edib.

Trampın bu müraciətinə cavab olaraq ABŞ Konqresində demokratların liderləri Çak Şumer və Nensi Pelosi çıxış ediblər. Onlar Prezidentin əməllərini və çıxışında söylədiklərini tənqid edərək deyiblər ki, hökumətin işinin bərpa edilməsi və divar ucaldılmasına dair diskussiyaların davamı ayrı-ayrı müzakirə mövzuları olmalıdır. Onlar qeyd ediblər ki, Prezident Tramp amerikalı vergi ödəyicilərinin hesabına gərəksiz divar ucaldılmasının maliyyələşdirilməsinə nail olmaq üçün humanitar böhran barədə arqumenti süni şəkildə yaradıb. Halbuki o, divarın Meksikanın hesabına ucaldılacağını vəd etmişdi.

Bir qədər əvvəl Tramp sərhəddə yaranmış şəraitlə əlaqədar fövqəladə vəziyyət rejimi elan ediləcəyini və tətbiq olunacağını vəd etmişdi. Bu halda Prezident, Konqresin razılığı olmasa belə, Meksika sərhəddində divar tikintisi üçün müdafiə büdcəsindən zəruri maliyyə vəsaitləri ayırmaq hüququ əldə edərdi. Konqresdə çoxluq təşkil edən demokratlar bildiriblər ki, əgər Tramp bu addımı atarsa, onlar Prezidentin bu hərəkətlərinin qanuni olub-olmaması barədə Amerika məhkəmələrində iddia qaldırmağa hazırlaşırlar.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.