DÜNYA
Trampın seçkiqabağı fondunda bu ilin ilk üç ayı ərzində 30 milyon dollardan artıq vəsait toplanıb
Vaşinqton, 16 aprel, AZƏRTAC
Respublikaçılar Partiyasının Milli Komitəsi elan edib ki, Donald Trampın seçkiqabağı fondunda 2019-cu ilin birinci rübü ərzində donorlardan 30 milyon dollardan artıq vəsait toplanıb.
AZƏRTAC xəbər verir ki, hazırda Donald Trampın seçkiqabağı kampaniya fondunda 40,8 milyon dollar pul var. Bu, demokratlardan prezidentliyə bütün digər fəal namizədlərin fondundan çoxdur. Bildirilir ki, Tramp əsasən, iri donorlardan pul toplayır. Məsələn, bu yaxınlarda San-Antonioda və Los-Ancelesdə görüşlər zamanı olduğu kimi. Sonuncu tədbirdə donorlara prezidentlə bir dəyirmi masa arxasında əyləşmək hüququ verən ən bahalı biletin qiyməti 150 min dollar olub.
Trampın yenidən prezident seçilməsi üçün seçkiqabağı kampaniya keçən ildən başlanıb. Beləliklə, “The New York Times” nəşrinin verdiyi məlumata görə, Trampın vəsait toplanması üzrə kampaniyası və Respublikaçılar Partiyasının Milli Komitəsi ilə birgə yaradılmış fond 2018-ci ilin may ayından bəri təkcə Facebook şəbəkəsində reklam üçün təqribən 11 milyon dollar xərcləyib. Müqayisə üçün bildirək ki, demokratların namizədi Berni Sandersin fondunda indiyə qədər 18,2 milyon dollar, Kamala Harrisin fondunda 12 milyon, Beto O’Rurkun fondunda 9,4 milyon, Pit Butticiçin fondunda 7 milyon və Elizabet Uorrenin fondunda 6 milyon dollar toplanıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton