DÜNYA
Trans-Sakit okean tərəfdaşlığı barədə razılaşma 2019-cu ilin əvvəllərində qüvvəyə minəcək
Tokio, 16 oktyabr, AZƏRTAC
ABŞ-ın iştirakı olmadan regionun on bir ölkəsi tərəfindən imzalanan Trans-Sakit okean Tərəfdaşlığı (TPP) barədə razılaşma gələn ilin əvvəllərində qüvvəyə minəcək.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə oktyabrın 16-da Yaponiyanın iqtisadi bərpa naziri Toşimitsu Moteqi bəyan edib. Nazirin bildirdiyinə görə, razılaşmanın qüvvəyə minməsi üçün onun altı iştirakçı ölkə tərəfindən ratifikasiya edilməsi barədə şərtlər artıq noyabrda məlum olacaq. Sənəd altı iştirakçı ölkənin parlamentləri tərəfindən ratifikasiya edildikdən 60 gün sonra qüvvəyə minəcək. Bu günədək razılaşma 3 ölkə - Yaponiya, Meksika və Sinqapur tərəfindən ratifikasiya edilib.
TPP barədə ilkin razılaşma yeddi il davam edən danışıqlardan sonra - 2016-cı ilin fevralında Yeni Zelandiyada imzalanıb. İlkin olaraq 12 dövlət – Avstraliya, ABŞ, Bruney, Vyetnam, Kanada, Malayziya, Meksika, Peru, Sinqapur, Çili, Yaponiya və Yeni Zelandiya əmtəələrin, xidmətlərin, kapitalın və texnologiyaların azad hərəkət edəcəyi bu zonanın iştirakçısı olmalı idilər. Lakin ABŞ Prezidenti Donald Tramp vəzifəsinin icrasına başlayan kimi, Vaşinqtonun TPP barədə razılaşmadan çıxdığını elan etdi.
ABŞ-ın üzvlükdən imtina etməsi razılaşmaya böyük zərbə vursa da, cari ilin mayında qalan 11 iştirakçı ölkə TPP barədə yeni razılaşmanı imzalayıblar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio