CƏMİYYƏT
Treninqlərdə iştirakçılara səsvermə günü prosedurları barədə ətraflı məlumatlar verilir
Bakı, 14 mart, AZƏRTAC
On səkkiz saylı Nərimanov-Nizami seçki dairəsi dairə seçki komissiyasında keçirilən treninqlərin üçüncü günündə 10 məntəqə üzrə 60-dan çox iştirakçı olub.
AZƏRTAC xəbər verir ki, dairə seçki komissiyasının sədri İslam Muradov treninqdə iştirakçılara səsvermə günü görüləcək işlər, vəzifələrin qüsursuz icra olunması və digər prosedurlarla bağlı məlumat verib. Həmçinin səslərin hesablanması prosesi və səsvermənin nəticələrinin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının üzvlərinin vəzifələri və fəaliyyətlərinin təşkili məsələlərindən, aşağı seçki komissiyaları tərəfindən seçki hüququnun qorunması mexanizmlərindən danışılıb. İştirakçılara seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi daxil olmaqla bütün səsvermə günü prosedurları barədə məlumat verilib, suallar cavablandırılıb.
İştirakçılara Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri sənəd nümunələri təqdim olunub. 18 saylı Nərimanov-Nizami seçki dairəsi dairə seçki komissiyasının bütün məntəqələri üzrə, ümumilikdə, 192 nəfər treninqlərdə iştirak edib.