CƏMİYYƏT
Tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlərlə bağlı müzakirələr aparılıb
Bakı, 28 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər və İqtisadiyyat nazirliklərinin təşkilatçılığı ilə bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlərlə bağlı Xaçmaz rayonunda Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonları üzrə aidiyyəti qurumların təmsilçilərinin iştirakı ilə görüş keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hər iki nazirliyin yerli idarəetmə orqanlarının nümayəndələri və sahibkarların iştirak etdiyi görüşdə Prezidentin 2019-cu il 7 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması üzrə 2019–2020-ci illər üçün Tədbirlər Planı”ndan irəli gələn məsələlər, mövcud vəziyyət, problemlər və onların həlli yolları haqqında geniş təqdimat keçirilib. Sonra bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində qəbul olunmuş strateji sənədlər və fəaliyyət istiqamətləri müzakirə edilib.