DÜNYA
Tunis və Birləşmiş Ərəb Əmirliklərində COVID-19-a yoluxanların sayı rekord həddə çatıb
Qahirə, 16 yanvar, AZƏRTAC
Şimali Afrika və Körfəz ölkələri üzrə COVID-19-a yoluxma halları üzrə yeni rəqəmlər açıqlanıb. AZƏRTAC xəbər verir ki, bu ölkələrin arasında ən ağır vəziyyət Tunis və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) qeydə alınıb.
Tunisin rəsmi TAP informasiya agentliyinin məlumatına görə, bu ölkədə son sutka ərzində COVID-19-a 4170 yoluxma və 70 ölüm faktı qeydə alınıb. Bu ağır vəziyyəti nəzərə alan hökumət yanvarın 18-dən 22-dək sərt karantin rejimi tətbiq edəcək. Cəmi 4 milyon nəfər əhalisi olan Tunis üçün pandemiyanın bu həddə yayılması təhlükəli hal hesab edilir.
Körfəz ölkələri arasında isə ən çox yoluxma faktı BƏƏ-də qeydə alınıb. Əmirliklərdə son sutkada 3432 nəfər yeni növ koronavirusa yoluxub, 7 pasiyent isə həyatını itirib. BƏƏ-də sərt karantin rejiminin yenidən tətbiqi ilə bağlı müzakirələr aparılır.
Misirdə də pandemiya ilə bağlı vəziyyət ağır olaraq qalır. Bu ölkədə son sutkada 879 yoluxma, 52 ölüm faktı qeydə alınıb. Şimali Afrikada COVID-19-dan ən çox ölüm faktı qeydə alınmış bu ölkədə indiyədək 8473 nəfər dünyasını dəyişib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə