REGİONLAR
Tur-aksiya çərçivəsində Şəmkir məktəblilərini xoş səfər təəssüratları gözləyir
Şəmkir, 14 noyabr, Rauf Hacıyev, AZƏRTAC
Artıq beşinci ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Layihə çərçivəsində Lənkəran, Masallı və Astara rayonlarına səfər edəcək şagirdlər arasında Şəmkir rayonunun 19 ümumtəhsil orta məktəbinin təmsilçiləri də var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun təhsildə fərqlənən 40 nəfər 9-11-ci sinif şagirdi ilə görüş keçirilib və tur-aksiyada iştirak edən məktəblilər cənub bölgəsinə yola salınıblar.
Tur-aksiya iştirakçılarını salamlayan rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həyata keçirilən layihənin məktəblilərin ölkəmizdə gedən inkişaf, regionlarda aparılan quruculuq işləri ilə yaxından tanış olmaq, eləcə də məktəblilərin bir-biri ilə əlaqə qurmaq baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib.
Bildirilib ki, Azərbaycanda reallaşdırılan dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyaları da məhz bu amala xidmət edir.
“Bu tur-aksiya ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsində, tədrisdə qazanılan nəzəri biliklərin möhkəmləndirilməsində mühüm amillərdən biri olacaq və səfərin xoş təəssüratları şagirdlərin mənəvi zənginliyini daha da artıracaqdır”, – deyə Alimpaşa Məmmədov vurğulayıb.
Görüşdə Şəmkir məktəbliləri onlara bu şəraiti yaratdığına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.