REGİONLAR
Tur-aksiya iştirakçıları Qəbələnin müasir istehsal sahələri ilə tanışlıqdan məmnun qalıblar
Qəbələ, 16 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Prezident İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində respublikamızın şimal-qərb bölgəsinə səfər edən Saatlı, Sabirabad, Cəlilabad, Cəbrayıl və Qubadlı məktəblilərindən ibarət qruplar ekskursiyanın üçüncü günü, noyabrın 16-da Qəbələ rayonunun istehsal müəssisələri, tarixi məkanları və görməli yerləri ilə tanış olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur-aksiya iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzini ziyarət edib, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərə baxıblar.
Sonra məktəblilər “Gilan Qida Şəhərciyi”nə gəliblər. Tur-aksiya iştirakçılarına məlumat verilib ki, şəhərciyin nəzdində konserv zavodu, sərinləşdirici içkilərin və kartof çipslərinin istehsalı müəssisələri fəaliyyət göstərir.
“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi ilə tanışlıq zamanı məktəblilərin diqqətinə çatdırılıb ki, kompleks bölgənin ən çox turist qəbul edən obyektidir. Kompleks gün ərzində 3 min nəfərə xidmət göstərə bilər. Burada 4 kanat xətti və 10 xizək yolu fəaliyyət göstərir. Kanat xətlərinin ümumi uzunluğu 6 kilometr, xizək yolunun uzunluğu isə 17 kilometrdir.
Heydər Əliyev Konqres Mərkəzi və “Qəbələ Lənd” İstirahət və Əyləncə Mərkəzi ilə tanışlıq da məktəblilərin ürəyincə olub.
Tur-aksiya iştirakçıları günün ikinci yarısında Nic qəsəbəsindəki “Çotari” alban-udi kilsəsinə səfər edib, Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğu ilə, eləcə də Qəbələ Arxeoloji Mərkəzində maddi-mədəniyyət nümunələri ilə tanış olublar.
Məktəblilər, həmçinin intellektual bilik yarışlarında öz bacarıqlarını nümayiş etdirəcəklər.