REGİONLAR
Tur-aksiya: qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri ilə tanışlıq
Qəbələ, 18 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən orta məktəblərin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın noyabrın 16-dan 19-dək nəzərdə tutulan növbəti mərhələsi davam edir. Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan Quba, Qusar, Xaçmaz, Şabran və Xızı rayonlarının məktəbliləri noyabrın 18-də Qəbələnin tarixi məkanları və görməli yerləri, rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, tarixi, mədəni irsi, adət-ənənələri, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Heydər Əliyev Mərkəzini ziyarət edən şagirdlər Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlərə baxıblar. Sonra məktəblilər mərkəzlə yaxından tanış olublar. Bildirilib ki, mərkəz yetişməkdə olan gənc nəslin doğma Vətənimizə layiqli vətəndaş kimi formalaşmasına mühüm töhfə verir. Heydər Əliyev Mərkəzi gündəlik fəaliyyətində uşaq, yeniyetmə və gənclərin hərtərəfli inkişafına, qabiliyyətlərinin üzə çıxarılmasına, onlarda vətənpərvərlik hislərinin yüksəldilməsinə xüsusi diqqət ayırır. Təqdim edilən fotoşəkillər və video görüntü əsasında Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, eləcə də gündən-günə abadlaşan Qəbələnin yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaranıb.
Qəbələ ilə tanışlıq zamanı növbəti ünvan “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi olub. Məlumat verilib ki, kompleksin 4 kanat xətti və 10 xizək yolu var. Burada turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar və beşulduzlu “Tufandağ” oteli açılıb. Dağ-xizək trası süni qaryağdıran generasiya sistemi ilə təchiz edilib və ilin bütün fəsillərində gün ərzində kompleksdə 3 min nəfərə xidmət göstərilməsi üçün şərait yaradılıb. Ümumilikdə, 4 kanat xəttinin uzunluğu 6 kilometr, 10 xizək yolunun uzunluğu isə 17 kilometrdir.
Bildirilib ki, Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun, xüsusilə turizm sahəsinin böyük payı var. Qəbələdə bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Bu inkişafın konturları Strateji Yol Xəritəsində öz əksini tapıb. Qəbələ rayonu həm turizm iqtisadiyyatı, multikulturalizm ənənələri, həm də tarixi məkanları ilə, eləcə də idman və mədəniyyət tədbirlərinin keçirildiyi mərkəz kimi tanınır. Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi son illər ölkəmiz üçün yeni idman növü olan xizəkçiliyin gənclər arasında yayılmasında mühüm rol oynayır. Kompleksin xizəkçilik mərkəzi həm turizmin inkişafı, həm də yeni dağ idman növlərinin geniş yayılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Şagirdlər kanat yolu ilə uca dağların zirvəsinə qalxıb, oradan Qəbələ şəhərini və ətrafdakı çayları, meşələri seyr edib, xatirə şəkli çəkdiriblər.
Heydər Əliyev adına Konqres Mərkəzi ilə tanış olan şagirdlərə məlumat verilib ki, 1200 yerlik mərkəz üç mərtəbədən ibarətdir. Birinci mərtəbədə zallar, 350 yerlik restoran və inzibati otaqlar yerləşir. Çoxfunksiyalı 1200 yerlik konfrans zalı isə ikinci mərtəbədədir. Konfrans zalı qısa müddətə başqa məqsədlər - konsert, iclas üçün kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir. Qeyd olunub ki, Qəbələ turizm bölgəsi olmaqla yanaşı, beynəlxalq əhəmiyyətli mədəniyyət, incəsənət tədbirlərinə, idman yarışlarına da uğurla ev sahibliyi edir.
Sonra şagirdlər Tarix-Diyarşünaslıq Muzeyində 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin tarixi, mədəniyyəti və etnoqrafiyası haqqında məlumat əldə ediblər. Bildirilib ki, muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat var.
Daha sonra Nic qəsəbəsinə səfər edən şagirdlər buradakı “Cotari” Alban-Udi kilsəsinə böyük maraqla baxıblar. Məlumat verilib ki, kilsə tarixi baxımdan qədim və əhəmiyyətli abidələrdən biridir. Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli hesab edilir. Qəsəbədə 3 kilsə və iki məscid var. Altı min nəfər əhalisi olan qəsəbədə 3700 udi yaşayır. Nic qəsəbəsində udilər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Nicdəki məktəblərin ibtidai siniflərində udi dili tədris olunur.
Məktəblilər “Beltmann” piano fabrikində və Qəbələ konserv zavodunda istehsal prosesini də izləyiblər. Həmçinin şagirdlər Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna səfər edib, qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri, eləcə də Qəbələ Arxeoloji Mərkəzində nümayiş olunan maddi-mədəniyyət nümunələri ilə tanış olublar. Məlumat verilib ki, Azərbaycanın ən qədim şəhərlərindən olan Qəbələnin çox zəngin tarixi var. Bu rayondakı ölkə əhəmiyyətli qədim memarlıq abidələri mədəni irsimizin nadir inciləri hesab olunur. Məktəblilər qədim Qəbələ şəhərinin bu günədək gəlib çatan qalıqları, qala divarı və burada aparılan arxeoloji qazıntılar zamanı əldə olunan maddi-mədəniyyət nümunələri barədə ətraflı məlumatlandırılıblar.
Şagirdlər asudə vaxtlarında Qəbələnin müasir otelləri, “Qəbələnd” İstirahət və Əyləncə Mərkəzi, bölgənin füsunkar təbiəti ilə tanış olub, ekskursiyadan məmnun qaldıqlarını bildiriblər.