ELM VƏ TƏHSİL
Turizm və Menecment Universiteti 2017-2020-ci illər üzrə strateji planının icrasına dair qərar qəbul edib
Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) elmi şuranın 2016/2017-ci tədris ilinin I semestr və payız imtahan sessiyasının nəticələrinə dair iclası keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayeva, turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov, xidmət mühəndisliyi fakültəsinin dekanı Sevda Vəzirova, biznes idarəçiliyi fakültəsinin dekan müavini Anar Mirzəyev və apellyasiya komissiyasının sədri Qahirə Məmmədovanın təhlil-müqayisə formatında hazırladıqları məruzələr şura üzvləri tərəfindən geniş müzakirə olunub. Beləliklə, I semestr və payız sessiyası üzrə imtahan nəticələrinin qənaətbəxş hesab olunmasına dair qərar qəbul edilib.
Sonra universitetin rektor səlahiyyətlərini icra edən Eldar Aslanovun məruzəsi ətrafında fikir mübadiləsi aparılıb. Bəzi əlavə və düzəlişlər nəzərə alınmaqla ATMU-nun 2017-2020-ci illər üzrə strateji planının icrasına dair qərar qəbul olunub.
Bundan başqa, Anar Eminovun ”Sosial sahəyə istiqamətlənmiş investisiya layihələrinin effektivliyi” mövzusunda yazdığı monoqrafiyanın çap olunması məqsədəuyğun hesab edilib. ATMU-nun dissertantı Sevinc Dadaşzadənin dissertasiya mövzusu təsdiqlənib. Tərlan Növrəsli və Səkinə Hacıyevanın dosent elmi dərəcəsi almaları üçün açıq səsvermə keçirilib.