ELM VƏ TƏHSİL
Turizm və Menecment Universiteti: Yeni təhsil proqramında nəzərdə tutulan fənlərin müzakirəsi aparılıb
Bakı, 29 noyabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Mehmanxana və restoran biznesi kafedrasının təşkilatçılığı ilə “Yeni təhsil proqramında nəzərdə tutulan fənlərin müəssisə rəhbərləri ilə müzakirəsi” mövzusunda elmi-praktik seminar keçirilib.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, seminarda ATMU-nun prorektoru professor İranə Əliyeva, bu ali məktəbin professor-müəllim heyəti, eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən 55-dən çox sənaye və ali təhsil müəssisəsinin nümayəndələri iştirak edib.
Seminarda hotelçilik ixtisasının açılması və tədris proqramının hazırlanması, tələbələrin müxtəlif xarici dil biliklərinə yiyələnməsinin vacibliyi, o cümlədən müəssisə nümayəndələrinin tədris prosesinə cəlb edilməsinə dair təkliflər iştirakçılar tərəfindən razılıqla qarşılanıb.
Çıxış edənlər ixtisaslı kadrlara olan tələblər sırasında tələbələrin qabiliyyət və səriştəlilik bacarıqlarını önəmli sayıb, yeni tədris proqramlarında nəzərdə tutulan fənlərə dair təkliflərini səsləndiriblər.