SİYASƏT
TürkPA nümayəndə heyəti Qırğızıstanda keçiriləcək referendumu izləyəcək
Bişkek, 10 dekabr, АZƏRTAC
Qırğızıstan parlamentinin - Joqorku Keneşin sədri Çınıbay Tursunbekov ölkə Konstitusiyasına əlavə və düzəlişlərlə bağlı dekabrın 11-də keçiriləcək referendumda iştirak etmək üçün Qırğızıstana gələn TürkPA-nın nümayəndə heyəti ilə görüşüb.
Nümayəndə heyətinə TürkPA-nın baş katibi Jandos Asanov, Azərbaycan Milli Məclisinin deputatı Musa Quliyev, Türkiyə Böyük Millət Məclisinin deputatları Aydın Erkan və Ekrem Erdem, Qazaxıstan və Qırğızıstan deputatları daxildir.
Parlamentin sədri sabah keçiriləcək referendum haqqında məlumat verib. Bildirib ki, əgər xalq referenduma çıxarılan məsələləri dəstəkləsə, ölkə demokratiyanın və parlamentarizmin inkişafı istiqamətində irəliyə doğru daha bir addım atacaq. O, son illərdə TürkPA-nın əldə etdiyi bir çox uğurlardan da danışıb.
Çınıbay Tursunbekov deyib ki, türkdilli ölkələr dünya birliyinin mühüm tərkib hissəsidir və gündən-günə dəyişən dünyada sürətlə inkişaf etməlidir.
Görüşdə Musa Quliyev Qırğızıstanda demokratik dəyərlərin inkişaf etdiyini söyləyib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek