ELM VƏ TƏHSİL
Türk dünyasında beynəlxalq əlaqələr müzakirə olunub
Bakı, 6 noyabr, AZƏRTAC
Türkiyənin Niğdə şəhərində yerləşən Ömər Halisdəmir Universitetində "Türk dünyasında beynəlxalq əlaqələr, Türkiyə-Qazaxıstan-Azərbaycan" mövzusunda konfrans keçirilib. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) beynəlxalq münasibətlər kafedrasının müəllimi Pərviz Səmədov tədbirdə “Mevlanə mübadilə proqramı” çərçivəsində iştirak edib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, konfransda Niğdə Universitetinin iqtisadiyyat fakültəsinin dekanı, professor Haluk Bengüy, L.N.Qumilyov adına Avrasiya Milli Universitetindən Baurjan Mustafayev, türk dünyasının tanınmış politoloqu Çiğdem Şahin, UNEC-in müəllimi Pərviz Səmədov və başqaları çıxış ediblər.
Məruzələrdə türk dünyası dövlətləri arasında inkişaf edən mədəni-mənəvi əlaqələrə toxunulub, elmi əməkdaşlığın vacibliyi vurğulanıb, universitetlər arasında mübadilə proqramlarının önəmi qeyd olunub.
Tədbirdə Türkiyə-Azərbaycan, Türkiyə-Qazaxıstan əlaqələri və digər mövzular ətrafında müzakirələr aparılıb.